Çətin anların müsəlmanı

Saytın əvvəlindən başlayaraq müsəlmanın imanının gücünü və əxlaqının üstünlüyünü göstərən əlamətin çətinlik anlarında göstərdiyi gözəl davranışlar olduğundan bəhs etdik. Bu üstün əxlaqi xüsusiyyətlərə cəsarət, səbir, təvəkkül, əzm, mətanət, bağışlamaq, fədakarlıq, mərhəmət, vicdan və qərarlı olmaq daxildir. 

“Çətin anların müsəlmanı” ifadəsində nəzərdə tutulan hər cür çətinliyə, sıxıntıya, yoxluğa və çatışmazlığa qarşı dözümlü olan və yuxarıda sadalanan xüsusiyyətlərə malik olan insandır. Gözəl əxlaqdan əsla uzaqlaşmayan, hər hadisəni  təvəkküllə qarşılayan, hadisələrdəki hikmət və xeyirləri görən, ətrafındakı insanları da eyni üstün əxlaqı yaşamağa dəvət edən insan çətin anların müsəlmanıdır. Bu çətinlik anları da Quranda təsvir edildiyi kimi, iman edənlərin çox şiddətli sınaqlardan keçirildikləri, “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və  gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi... (Əhzab surəsi 10)” ayəsində də ifadə edildiyi kimi, şiddətli sıxıntılarla əhatə olunduqları anlardır.

Çətinlik anları deyildiyi zaman cahiliyyə  insanının ağlına bəzi nümunələr gəlir. Kimisi üçün bu çətinlik anı təbii fəlakət, kimisi üçün işindən çıxarılmaq, kimisi üçün isə müflisləşməkdir. Halbuki, iman edənlər üçün çətinlik anları daha şiddətli hadisə və vəziyyətləri ifadə edir. Çətinlik anlarındakı yoxluq adi yoxluq deyil, insanın ən vacib ehtiyaclarından belə məhrum qaldığı yoxluq, çətinlik isə insanın gündəlik həyatında yaşadığı çətinliklərdən daha şiddətli çətinlikdir. Quranda təsvir edilən ürəklərin ağıza gəldiyi  anlar insanın təxəyyül edə biləcəyi hər cür çətinliyin, xəstəliklərin, fəlakətlərin üst-üstə gəldiyi, müsəlmanların sadəcə: “İman etdim”, - dediyi üçün evlərindən çıxarıldığı, yurdlarından sürgün edildiyi, ailələrinə, özlərinə maddi və mənəvi təzyiqlərin edildiyi dövrlərdir.

Quranda elçilərin və saleh möminlərin qarşılaşdığı bu cür çətinliklər nümunə verilmişdir. Əvvəlki hissələrdə də izah edildiyi kimi, saleh möminlər çox şiddətli sınaqlardan keçirilmiş, müxtəlif çətinliklərə sinə gərmişlər. Ayələrdə bu sınaqlar şiddətli fəlakət şəklində ifadə edilir:

 Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları  fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allah`ın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allah`ın köməyi  yaxındır! (Bəqərə surəsi 214)

Allah yuxarıdakı ayədə bütün inananların bu çətinliklərlə qarşılaşacağını bildirir və səbir göstərənləri sonsuz gözəlliklərlə müjdələyir. Bu zamanlar  çətin anların müsəlmanları ilə asan anların müsəlmanlarının ortaya çıxdığı, bir-birlərindən ayrıldıqları zamanlardır. Çətin anların müsəlmanları bütün çətinlik və sıxıntılara “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allah`a məxsusuq və Ona da qayıdacağıq!” -deyirlər. (Bəqərə surəsi 156)” cavabını verənlərdir.

 

Çətin anlarda nəfsin və vicdanın səsi
İnsan çətinlik, yaxud sıxıntı yaşadığı zamanda iki fərqli səs eşidir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və hər zaman Allah`ın dilədiyi şəkildə davranmağı əmr edən vicdanının səsidir. Bu səsi dinləyən şəxs  Allah`ın razılığının ən çoxunu tapar, səbri və təvəkkülü seçər. İkinci səs isə “Yusif” surəsinin 53-cü ayəsində də bildirildiyi kimi, pis işləri əmr edən nəfsin səsidir. Bu səs insana üsyanı, eqoistliyi və qorxaqlığı pıçıldayır. Bu səsi dinləyənlər isə  böyük itkiyə məruz qalır və nəfsə təsir edən şeytanı özlərinə dost tuturlar. İnsanların nəfsə uyaraq nələri itirəcəklərini anlamaq üçün şeytanın onlar üzərindəki təsirinin necə olduğunu da bilmək lazımdır. Quranda bu mövzuda ətraflı məlumat verilir və inananlar şeytanın tələsinə qarşı xəbərdar edilir.

Allah hz.Adəmi yaratdığı zaman mələklərə və şeytana ona səcdə etmələrini əmr etmişdir. Mələklər hz.Adəmin qarşısında səcdə etmiş, lakin şeytan qürurlu və kibirli olduğu üçün onun qarşısında əyilməyi rədd etmişdir. Bu üsyanına görə cənnətdən qovulan şeytan Allah`dan qiyamət gününə qədər möhlət istəmişdir. Allah ona bu müddəti vermiş, lakin iman edən qulları üzərində əsla təsiri ola bilməyəcəyini bildirmişdir. Şeytan özünə verilən bu müddət içində insanları müxtəlif vəd və tələlərlə aldadıb, doğru yollarından sapdıracağına dair and içmişdir. Şeytanın bu andı ayələrdə bu şəkildə bildirilir:

...Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Allah) buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam.  (Əraf surəsi 16-18)

(İblis) dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa, onun  nəslini özümə ram edəcəyəm”. (Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə  təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.  (İsra surəsi 62-64)

Ayələrdə də bildirildiyi kimi, şeytan insanları doğru yoldan ayırmaq üçün hər cür yolu sınayır, şükür etmələrinə və gözəl əxlaq göstərmələrinə mane olmağa çalışır. Bunun nəticəsində də insanların böyük bir hissəsini öz tərəfinə çəkir. Nəfs də şeytanın insanları aldatmaq və doğru yoldan ayırmaq üçün istifadə etdiyi səsdir. Buna görə də çətinlik qarşısında insana hər zaman öz mənfəətini düşündürür, fədakarlığı, şəfqəti və mərhəməti pis və çətin göstərir. “Bəqərə” surəsində şeytanın bu xüsusiyyəti belə təsvir edilir:

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. O, sizə pis və iyrənc işlər görməyi və Allah`a qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.  (Bəqərə surəsi 168-169)

Buna görə də müsəlmanlar  çətinlik, sıxıntı yaxud müsibətlə qarşılaşdıqda dərhal vicdanın səsini dinləməlidirlər. Çünki iki seçimdən biri şeytanın tərəfdarlarının yoludur. Bu yolda eqoistlik, mənfəət, öz rahatlığını istəmək, ikiüzlülük, yəni pis əxlaqa aid bir çox xüsusiyyət vardır. Digəri isə saleh möminlərin yoludur. Müsəlmanlar vicdanlarının səsini dinləyər və  yaxşı yolu seçərlər.

“İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi  zaman Allah`a  sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi 21)” ayəsində də bildirildiyi kimi, gözəl əxlaq qətilik tələb olunduğu zamanlarda göstərilməlidir. Çünki insanların böyük hissəsi çətinlik anlarında göstərilən sədaqətin üstün əxlaq xüsusiyyəti olduğunu bilir və belə vəziyyətlə qarşılaşdıqlarında sadiq və güclü olacaqlarına dair and içirlər. Lakin çətinlik anındakı davranışları əvvəlcə verdikləri vədləri ilə eyni olmaz. Ən kiçik çətinlik qarşısında belə pis əxlaq göstərə bilər, kobudlaşa bilər, sevgi və şəfqət kimi duyğulardan uzaqlaşıb kin və hirslə hərəkət edə bilərlər. Təvəkkülsüz, üsyankar, zalım ola bilərlər. Buna görə də belə zamanlar güclü olanlarla gücsüz olanların bir-birindən ayrıldığı, pis əxlaqın ortaya çıxdığı, imanı zəif olanların özlərini büruzə verdiyi dövrdür. Bu zəif insanlar daha sonra inkarçılara meyillənib onlarla birlikdə müsəlmanların əleyhində fəaliyyət göstərirlər. Bunun kimi nümunələr səmimi və güclü imana sahib müsəlmanların dəyərini qat-qat artırır.

Bunu da xatırlatmaq lazımdır ki, müsəlmanın gündəlik həyatda müxtəlif çətinlik və sıxıntılarla qarşılaşması həm imtahandır, həm də axirətdə qovuşmağı ümid etdiyi cənnət yurdu ilə müqayisə edəcəyi xoşbəxtlik vəsiləsidir. Çətinliklərlə asanlıq, rahatlıq müqayisə edildikdə yaranan yüksək zövqün qaynağıdır. Bundan əlavə, səmimi müsəlman üçün digər möminlərdə ona qarşı təqdir və sevginin artmasına, iman, həyəcan və qibtə kimi  gözəl hisslərə qapılmalarına vəsilə olan gözəllikdir. Dünyada möminlərin o insana qarşı hörmət və sevgilərini artıran, özlərinə nümunə götürmələrini təmin edən, Allah`ın izni ilə imanlarına müsbət təsir edən, inkarçıların isə gizli, yaxud açıq şəkildə təqdirinə layiq olan, faydaları və gözəllikləri çox olan Rəhmani nemətdir.

Qarşılaşdığı hər hansı bir hadisə üçün: “Hər halda, bu qədərə aid deyil”, - deyə düşünən insan isə şeytanın təsirindədir. Şeytanın təsiri bu cür vəsvəsələrə səbəb ola bilər. İnsanın imani dərəcəsini çox aşağı salan bu vəziyyət şeytanı sevindirir. Şeytanın vəsvəsəsi ilə bəzən kiçik kimi görünən bir mövzunu qədərdən kənar, Allah`ın rəhmətindən, məlumatından kənar olduğunu zənn etmək və ya unutmaq xəstəlikdir. Mömin bu xəstəliyi diqqətlə, həssaslıqla müalicə etməli və bu xəstəliyə yoluxmaqdan özünü qorumalıdır.

Məsələn, izləmək istədiyi televiziya proqramını izləyə bilməmək və ya qida məhsulunu sifariş verməyi unutmaq kimi hadisələrin hamısında xeyir və hikmət vardır. Bəzən insan bunu incəliyi ilə görür, bəzən də görə bilmir, yaxud çox azını görür. Məsələn, televiziya proqramını izləyə bilməz, lakin bu müddətdə xeyirli xidmət, xeyirli təfəkkür üçün vaxt qazanmış olar. O təfəkkürlə bəlkə də ömür boyu edəcəyi gözəl xidmətinin gücünü artıran məlumata yiyələnər. Və ya bu müddətdə Allah`ı zikr edərək  televiziyadan alacağı savabdan daha çoxunu qazanar. Hər hansı bir qida məhsulunu sifariş verməyi unutduqda isə bu onun xəstəliyinin keçməsinə vəsilə olan pəhriz hökmündə ola bilər. Təzyiqi yüksək olan insan pendir almağı unudub o gün pendir yeməsə, təzyiqi normala düşər. Təvəkkül etdiyi üçün savab qazanar, xeyrə yozduğu üçün Allah`ın razılığını qazanar. Üstəlik, gözəl xasiyyəti və təvəkküllü davranışı möminlərin rahatlığına, sevgisinə vəsilə olar. Bəlkə də gigiyenik cəhətdən təmiz olmayan qida məhsulunu almaqdan  xilas olmuş olar.

Gündəlik həyatda belə nümunələrin sayı çoxdur. Buna görə, bu mövzunun çox yaxşı başa düşmək, unutmamaq lazımdır. İnsanın qarşılaşdığı kiçik və ya böyük hər hadisə qədərdədir. Şeytanın “bunlar gündəlik həyatın təbii ehtiyaclarıdır, qədərlə əlaqəsi ola bilməz” şəklindəki pıçıltısına qarşı möminlər  diqqətli olmalıdırlar. Bu mövzunu yaxşı qavrayıb, yaddaşda saxlamaq, hər hadisəyə, hər şeyə xeyir və hikmət gözü ilə baxıb Allah`ın gözəl planı içində inkişaf edən bütün hadisələri bu şəkildə qiymətləndirmək axirət və dünya üçün böyük nemətdir. Mömin üçün ağıl, iradə, rahatlıq və dincliyə vəsilə olan həqiqətdir.

 

Yaxşılarla pislərin bir-birindən ayrılması
Allah dünyada yaxşılıqla pisliyi, fayda ilə zərəri, gözəlliklə çirkinliyi birlikdə yaratmış, hamısını cənnət və cəhənnəmə gedən yolda sınaq etmişdir. Dünyadakı imtahan müddəti yaxşılarla pislərin, səbir edənlərlə çətinlik qarşısında ümidsizliyə düşənlərin, inkarçı zehniyyətə qarşı mübarizə aparanlarla aparmayanların, nəfsinə tabe olanlarla vicdanının səsini dinləyənlərin bir-birindən ayrıldığı sınaq müddətidir.
Dünya həyatında yaxşılıq və pisliyin bir-biri ilə bu qədər yaxın olmasının bir çox hikməti vardır. Bu hikmətlərdən biri dünyadakı təzad içində yaxşılıqların və gözəlliklərin dəyərinin daha yaxşı başa düşülməsidir. Çünki pislik, çatışmazlıq, yaxud müsibətlər olmasa, insanın gözəlliklərin dəyərini anlaması mümkün deyildir. Məsələn, bir almaz sadə daşların arasına qoyulduğu zaman gözəlliyi və göz qamaşdırıcılığı daha çox bəlli olur.

Yaxşılıq və pisliyin bir yerdə yaradılmasının başqa hikməti də imtahanın sirridir. İnsanlar keçici dünya həyatında yaxşılıq və pisliklərlə sınanırlar. Bu sınaqlarla da aralarındakı dərəcə fərqlilikləri ortaya çıxır, pislərlə yaxşılar  bir-birindən ayrılırlar.

Pislərin tərəfində olanların canı ölüm mələkləri tərəfindən vurula-vurula alınacaq, yaxşılar isə gözəllik və məmnuniyyətlə cənnət yurduna dəvət ediləcəklər. Quranda imtahan mühitinin və bütün bu çətinliklərin möminlərlə ürəklərində xəstəlik olanların bir-birindən ayrılması üçün bir yol olduğu bu şəkildə xəbər verilir:

İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allah`ın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud  müdafiədə durun!”- deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gedərdik”, - dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali-İmran surəsi 166-167)

Ayədə də bildirildiyi kimi, Peyğəmbərimiz (səv) dövründə yaşayan insanların çətinlik qarşısında göstərdiyi əxlaq saleh möminlərlə münafiqləri bir-birindən ayırmışdır.

Bədiüzzaman Səid Nursi də əsərlərində müsibət və çətinlik vasitəsilə yaxşılarla pislərin bir-birindən ayrılmasına çox geniş yer vermiş, bu mövzuda  hikmətli nümunələrlə insanlara qiymətli tövsiyələr vermişdir. Bədiüzzaman “şeytanların və pisliklərin yaradılış hikməti nədir?” sualına: “Hər çətinliyin, əskikliyin və şər kimi görünən hadisənin arxasında əhəmiyyətli hikmətlər vardır”, - cavabını vermişdir. Bu hikmətlərdən ən başlıcasının isə kömürlə almazın bir-birindən ayrılması olduğunu söyləmişdir.

Bu nümunə  hər cür çətinliyin, sıxıntının insandakı gözəl xüsusiyyətləri ortaya çıxardığını izah edir. İmtahan dünyasındakı bu çətin sınaqlarla insanda pis xüsusiyyətlər də ortaya çıxır və beləliklə, onları aradan qaldırmaq  üçün fürsət ələ keçir. Məsələn, şiddətli xəstəlik insanın tez ümidsizliyə düşdüyünü, yaxud mənəvi cəhətdən zəiflik göstərdiyini ortaya çıxara bilər. Bu zəifliklərinin fərqinə varan insan dərhal bunları aradan qaldırmağın yollarını axtarar. Beləliklə, xəstəlik onun səhvlərini görməyinə və  aradan qaldırmağına vəsilə olur. Bu müsibətdən sonra insanın əxlaqındakı çatışmazlıq aradan qalxır, insanın əxlaqı daha da gözəlləşir. Namuslu hesab edilən insan müflisləşdiyi və ya pulsuz qaldığı zaman qeyri-qanuni yollara üz tutursa, kasıblıq pis bir insanı aşkar etməyə kömək edə bilər. Lakin bu insan kasıblığına və ehtiyac içində olmağına baxmayaraq, əsla harama girmir və namuslu davranırsa, kasıblıq bir insanın, həqiqətən, təmiz və saleh olduğunu ortaya çıxarır.

Bədiüzzaman “Məktubat” adlı əsərində çəkdiyi nümunədə sonradan çox böyük xeyirlər gətirəcəyi bilinən vəziyyətlərdə kiçik çətinliklərə səbir göstərməyin hikməti üzərində durur və belə davam edir:

Budur, kainatdakı şər, zərər, imtahan, şeytan və zərərlilərin yaradılışı şər və çirkin deyil. Çox vacib bir nəticə üçün yaradılmışlar… İnsanlıq aləmində isə irəliyə getmək və aşağı düşmək dərəcələri sonsuzdur. Nəmrudlardan, fironlardan  səmimi övliyalara, peyğəmbərlərə qədər  uzun irəliləyiş məsafəsi vardır.
Budur, kömür kimi olan aşağı ruhları, almaz kimi olan yüksək ruhlardan ayırmaq üçün şeytanların yaradılışı, məsuliyyət sirri və peyğəmbərlərin göndərilişi ilə imtahan, cəhd  və müsabiqə mühiti yaranmışdır. Əgər cəhd və yarış olmasaydı, insan mədənindəki almaz və kömür hökmündə olan qabiliyyətlər birlikdə qalacaqdı. Ən yuxarı zirvədəki Əbu Bəkr (rə) ilə ən alt təbəqədə olan Əbu Cəhlin  ruhu bir səviyyədə olacaqdı. Demək ki, şeytanların və pisliklərin yaradılması əhəmiyyətli nəticəyə səbəb olduğu üçün şər və çirkin deyil.

Bədiüzzamanın bu nümunədə bildirdiyi digər mövzu isə imtahan dünyasının nə qədər qiymətli olduğudur. Çünki pislik və çətinliklər olmasa, insandakı bu gözəl xüsusiyyətlər ortaya çıxmaz, saleh olanların üstün əxlaqı diqqət çəkməz, mənəvi dərəcələrində irəliləyiş olmaz. Buna görə də çətinlik kimi görünən bütün hadisələr insanın əxlaqının gözəlləşməsi, kamilləşməsi, mənəvi olaraq dərinləşib güclənməsi, cənnətdəki dərəcəsinin, mərtəbəsinin yüksəlməsi üçün  çox gözəl fürsətlər təqdim edir.

Bədiüzzamanın bu mövzu ilə əlaqədar başqa bir sözü bu şəkildədir:
Din imtahandır. İlahi məsuliyyət təcrübədir. Nəticədə, yüksək ruhlar ilə alçaq ruhların bir-birindən ayrılması üçündür. Necə ki, mədənə atəş verilir, nəticədə, almazla kömür, qızılla torpaq bir-birindən ayrılır. Eyni şəkildə, bu imtahan yurdunda mövcud olan ilahi məsuliyyət yarışmağa sövqdür ki, insan mədənində olan üstün cövhərlə alçaq ünsürlər bir-birindən ayrılsın. Quran bu imtahan yurdunda təcrübə mövqeyində, yarışma meydanında insanlığın irəliləməsi üçün endirilmişdir.

Bədiüzzaman  almaz kimi gözəl xüsusiyyətlərlə kömür kimi pis xüsusiyyətlərin bir-birindən ayrılması üçün insanın müsibətlərlə və müxtəlif çətinliklərlə şiddətli sınaqdan keçirilməli olduğunu bildirmişdir. Beləliklə, pis xüsusiyyətlər bir-bir aradan qalxacaq, gözəl xüsusiyyətlər gün işığına çıxıb, parlayacaq.

Bədiüzzaman Səid Nursinin yaxşılıqla pisliyin bir-birlərindən ayrılması mövzusunda verdiyi bir başqa nümunə isə qızıl və mis mədənlərinin məhək daşına vurularaq bir-birlərindən ayrılmasıdır. Daşa vurularaq bir-birindən ayrılan bu iki mədəndən qiymətli olanlar bu üsulla ortaya çıxır, dəyərsiz mis mədən də ələnir. Bu ayrılma prosesində mədənlər daşa şiddətlə vurulmalı və ələkdən keçirilməlidirlər. Beləliklə, qızıl bütün parlaqlığı ilə ortaya çıxır, dəyərini salan mis kimi mədənlərdən təmizlənir.

Bədiüzzamanın daşa şiddətlə vurulmaqdan nəzərdə tutduğu yenə də insanın qarşılaşdığı çətinlik, sıxıntı və müsibətlərin nəticəsində  böyük gözəlliklərin ortaya çıxmasıdır. Çətinliyin və sıxıntının şiddəti də insanın imanının gücünü, əxlaqının üstünlüyünü, əzmini, vəfasını, sədaqətini bəlli edir. İnsanı imani və mənəvi cəhətdən kamilləşdirir.  Beləliklə, insan, xarakterini zəiflədən xüsusiyyətlərdən təmizlənir, qızıl kimi xarakterə sahib olur. Bədiüzzamanın bu nümunəsi belədir:

Bu səhər birdən qəlbə xəbərdarlıq edildi ki: sizin bu şiddətli imtahana girməklə bir neçə dəfə: “Qızıl, yoxsa mis”, - deyə məhək daşına vurulmağınız (sınanmağınız) və nəfslərinizin hiss və ya hiylələrinin  var olub-olmadığını üç-dörd ələklə ələnməsi  sırf haqq və həqiqət üçün etdiyiniz  xidmətinizdə çox lazımlıdır. Buna görə də ilahi qədər və Rəbbin köməyi buna izin verir. Çünki belə bir imtahan meydanında inadkar, insafsız müxaliflərin qarşısında nümayiş edilməsindən hər kəs anladı ki, heç bir hiylə, heç bir kibir, heç bir məqsəd, heç bir dünyəvi, üxrəvi və şəxsi mənfəət qarışmayaraq, ixlaslı, haqq və həqiqətdən gəlir. Əgər pərdə altında qalsaydı, çox mənalar verilə bilərdi. Daha avam olan iman əhli etimad etməzdi. “Bəlkə bizi aldadarlar”, - deyər və vəsvəsə edərdi. Bəlkə bəzi kəslər kimi özlərini satmaq, etimad qazanmaq üçün belə edirlər deyə inanmazdılar. İndi imtahandan sonra ən inadkar vəsvəsəli adam belə təslim olmağa məcbur olur. Zəhmətiniz bir, karınız mindir, inşaAllah.

Bədiüzzaman bu nümunədə çətinlik və müsibətlərin başqa bir çox hikmətinə də diqqət çəkir. Çətin sınaqlardan keçən, nəfslərinin pis xüsusiyyətlərindən təmizlənən inananların bu üstün əxlaqına digər insanlar da şahid olur. Möminlərin ixlası bu şiddətli sınaqlar qarşısında ortaya çıxır, xidmətlərinin qarşılığında heç bir şəxsi mənfəətlərinin olmadığı bəlli olur. Müsəlmanların cəhdinin sadəcə Allah rizası üçün olduğunu onlar haqqında ürəyində ən çox şübhə olan adam da təsdiq edir, ixlaslı niyyətlərinə bütün insanlar şahid olur. Çətinlik və müsibətlər müsəlmanların doğru yolda olduqlarını göstərir və müsəlmanları digər insanlara tanıdır.

 

Çətinlik və sıxıntı anlarında da gözəl əxlaq göstərmək
Bir insanın gündəlik həyatda yaşadığı müxtəlif hadisələr vardır. Normal şərtlər altında insan çox işləsə, yorular; yemək yeməsə, acar; yatmasa, xəstələnər. Bunlar çox təbii hadisələrdir. Allah ayələrində oxşar vəziyyətlərin daha şiddətlilərinin müsəlmanların başına gələ biləcəyini bildirir. Bu, inananların imtahanıdır. Lakin inkarçılarla inananların bu hadisələr qarşısında göstərdiyi əxlaq bir-birindən çox fərqlidir.

Bu çətinliklərə qarşı inkarçılar üsyankar, sərt, ümidsiz və vəfasız olurlar. Çünki onlar axirətə inanmadıqları üçün bütün etdiklərinin bu dünyada qalacağını düşünürlər. “...(Həyat) ancaq bizim dünya həyatımızdır. (Kimimiz) ölür, (kimimiz də) doğulur. Bizi öldürən ancaq zamandır... (Casiyə surəsi 24)” ayəsində bildirildiyi kimi, onlara görə, ölümdən sonra hər şey bitir. Axirətin varlığına inanmadıqları üçün  etdiklərinin qarşılığını, rahatlığı və hər cür gözəlliyi bu dünyada yaşamaq istəyirlər. Buna görə də çətinlik və sıxıntılar onlar üçün böyük əzab deməkdir. Səbir göstərə bilmir, təvəkkül edə bilmir, bağışlaya bilmir, fədakarlıq edə bilmir, heç kimə qarşı  şəfqət və mərhəmət duya bilmirlər. Çünki bunların qarşılığının olmayacağını və  mənfəət əldə edə bilməyəcəklərini düşünürlər. Çətinliklərin insana itkidən başqa bir şey gətirmədiyini düşünüb ümidsizliyə düşürlər.

Halbuki, bu düşüncələr çox yanlışdır. Çünki ölümdən sonra insanın  sonsuz həyatının başlayacağı mütləq həqiqətdir. Hesab günündə də hər kəsin etdiklərinin hesabı veriləcək, insanlar bunlarla qarşılıq görəcəklər. Gözəl əxlaq göstərənlər itkiyə məruz qalmayacaqlar, əksinə, böyük qazanc əldə edəcəklər. Hər gözəl söz, saleh əməl, fədakarlıq, vəfa, sədaqət mütləq qarşılığını tapacaq.

Amma din əxlaqından uzaq olan insanlar bu həqiqəti düşünməzlər. Çətin vaxtlarda ümidsiz olmalarının səbəbi baş verənlərin sınaq olduğunu inkar etmələridir. Burada xüsusilə  bir nöqtəyə diqqət çəkmək lazımdır: əslində, “…Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki, siz onların ummadıqlarını Allah`dan umursunuz. … (Nisa surəsi 104)” ayəsində də bildirildiyi kimi, iman edənlərlə etməyənlər oxşar müsibət, çətinlik və sıxıntılara məruz qala bilərlər. Lakin inkarçılar Allah`a iman etmədikləri və hər hadisənin Allah tərəfindən yaradıldığını düşünmədikləri üçün möminlərin Allah`dan ümid etdiklərini ümid etməzlər. Fərq onların dünya görüşündədir. İman edənlərin axirətə olan inancı onları inanmayanlardan tamamilə fərqləndirir.

Məsələn, Allah ayələrdə insanları aclıq və yoxsulluqla sınaqdan keçirəcəyini bildirir. Aclıq inkarçı  üçün  böyük çətinlik, müsəlman üçün isə gözəl əxlaqını göstərmək üçün imtahandır. Təslimiyyət, təvəkkül, səbir belə zamanlarda  böyük əhəmiyyət kəsb edir. Ümidsizliyə düşməmək, olanlarda xeyir olduğunu düşünmək müsəlmanın bu imtahanı müvəffəqiyyətlə verdiyinin göstəricisidir.

Bundan əlavə, inkarçılar ilk növbədə həmişə öz mənfəət və rahatlıqlarını düşünürlər. İman edən şəxslər isə  hər zaman digərlərini düşünürlər. Daha rahat yer, daha yaxşı yemək, daha gözəl paltar  həmişə qarşıdakı möminə təqdim edilir. Səmimi müsəlman soyuq mühitdə özü də üşüdüyü halda, yanındakı müsəlman qardaşını düşünür, onun üzərini örtür, isti içkisini ona verir. Qardaşının sağlamlığını, təhlükəsizliyini, sevincini və rahatlığını təmin etməyə çalışır və bundan böyük zövq alır. O içkini özünün içərkən alacağı zövqlə etdiyi fədakarlıqdan alacağı zövqün bir-biri ilə müqayisə edilməyəcək qədər fərqli olduğunu bilir.

İnsan hər şey qaydasında  ikən  böyük bolluq və bərəkət içində yaşadığı, sağlam olduğu, yaxud heç bir əskikliyin olmadığı vəziyyətlərdə  rahatlıqla gözəl əxlaq göstərə bilər. Lakin insan zərər çəkərkən, yaxud pis hərəkətlə,  böhtanla və ya  maddi itkilərlə qarşılaşdığı zaman da gözəl əxlaq göstərməli, pisliyə yaxşılıqla cavab verməlidir. İnsanın tox ikən yeməyini, isti mühitdə ikən paltarını verməsi də gözəl əxlaqdır. İkisi də Allah qatında çox qiymətlidir, lakin digəri insanın səmimiyyətini, ixlasını, imanının gücünü və üstün əxlaq sahibi olduğunu göstərdiyi üçün çox əhəmiyyətlidir və çox qiymətlidir.

İnsan vicdanının səsini dinləyib gözəl əxlaqın fəzilətlərini yaşayarkən, davamlı olaraq pisliyi əmr edən nəfs insana bunları etməklə çətinlik çəkəcəyini pıçıldayır və müxtəlif yollarla mane olmağa çalışır. Üst geyimini verəni üşüməklə, yeməyini verəni ac qalmaqla qorxudan da nəfsdir. Bu, şeytanın Quranda bildirilən taktikasıdır. Ayələrdə şeytanın insanların kasıblara kömək etməyə mane olmağa çalışdığı və onları kasıblıqla qorxutduğu bildirilir:

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından xərcləyin. Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah  əhatə edəndir, biləndir.  (Bəqərə surəsi 267-268)

Ancaq ayədə də bildirildiyi kimi, mülkün sahibi olan Allah şeytanın bu zəif hiyləsini puç edir və insanları sonsuz lütfü ilə müjdələyir. Allah bu üstün əxlaqın qarşılığı olaraq iman edənlərə dünyəvi heç bir zövqlə müqayisə edilməyəcək mənəvi ləzzət yaşadır. Fədakarlıqdan, səbirdən, vəfadan, comərdlikdən və sədaqətdən alınan bu zövqün həddi-hüdudu yoxdur. Allah “Həşr” surəsində öz ölkələrinə hicrət edən möminlərə evlərini  böyük şövq və həyəcanla açan, onların hər cür ehtiyaclarını -özlərinin də ehtiyacı olmasına baxmayaraq- böyük zövqlə qarşılayan müsəlmanların bu üstün əxlaqını tərifləyir:

Əvvəl  yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.  (Həşr surəsi 9)

“Tövbə” surəsində isə Allah yolunda çalışarkən sınaq olaraq verilən susuzluq, yorğunluq və aclığın qarşılığı bu şəkildə bildirilir:

Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə  Allah`ın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Hə­­qiqətən, Allah yaxşı iş görənlərin müka­­fatını puç etməz. (Tövbə surəsi 120)

Ayədə də bildirildiyi kimi, Allah yolunda çəkilən hər cür çətinlik müsəlman üçün saleh əməl hökmündədir. Onsuz da yaradılış məqsədi Allah`a qulluq etmək və saleh əməllər işləmək olan mömin səbrinin və əxlaqının qarşılığını əskiksiz olaraq alacaq, heç bir haqsızlığa məruz qalmayacaq.

Eyni hal xəstəlik, yorğunluq və digər çətinliklər üçün də etibarlıdır. İman edən şəxs etdiklərinin qarşılığını sadəcə Allah`dan gözlədiyi və bu dünyanın keçici bir yer olduğunu bildiyi üçün hər zaman əzmli, qərarlı və mətanətlidir. Çünki Allah ayələrdə öz yolunda cəhd edən möminlərə mənəvi güc və dəstək verəcəyini bildirmişdir. İmtahanın sirrini bilmək isə çətinliklər qarşısında Allah`ın verdiyi böyük asanlıqdır. Başına gələn hər cür çətinliyin sınaq olduğunu bilən insanı bu çətinliklərin kədərləndirməsi, qorxu və narahatlığa salması və ona ümidsizlik verməsi mümkün deyil.

 

İman edənlərin arxasındakı güc
İman edənlərin çətinlik və sıxıntılar qarşısında göstərdiyi şövqlü, həyəcanlı, şən və güclü xarakter iman etməyən, Allah`ın üstün qüdrət sahibi olduğunu bilməyənlərin əsla qavraya bilmədiyi xüsusiyyətdir. “Görəsən, bu şəxslərin arxalarındakı güc nədir?” - deyə düşünənlər inananların arxasındakı gücün və tək köməkçinin Rəbbimiz olduğundan qafildirlər. Onların düşüncəsinə görə, insanın güclü olması üçün arxasında maddi dayağı, güvən duyduğu yaxınları və dəstək aldığı mühiti olmalıdır. Buna görə də iman edənlərin gücünün arxasında həmişə maddi qaynaq axtarırlar. Halbuki, bu güc Allah`a, qədərə və axirətə imanın, təvəkkülün və təslimiyyətin nəticəsidir. Peyğəmbərlərin və saleh möminlərin həyatında bu gücün və təvəkkülün çox gözəl nümunələri vardır.

Quranda çətinliyə qarşı göstərilən güclü xarakterə gözəl nümunə hz.Musanın dininə iman edən sehrbazların fironun ölüm əmri qarşısında göstərdiyi üstün əxlaqdır. Ayələrdə fironun iman edən sehrbazları ölüm və işgəncə ilə qorxudub doğru yoldan ayırmağa çalışdığı bildirilir. Lakin o, ordusunun və maddi gücünün onları qorxudacağını düşünərək yanılmışdır. Çünki sehrbazlar sadəcə Allah`dan qorxduqlarını və çətinlik qarşısında Ona yönəldiklərini ifadə edirlər. Sehrbazlar fironun bütün təhdidlərinə baxmayaraq, Allah`a imanın verdiyi  təvəkküllə bu yoldan dönmələrinin mümkün olmadığını bildirmişlər:

(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allah`ın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!”  (Taha surəsi 71-73)

Quranda bu mövzuda verilən başqa nümunə hz.Musaya iman edən gənclərdir. Ayələrdə fironun təhdidlərindən qorxan insanların Allah`a iman etməyib çox böyük itkiyə məruz qaldıqları bildirilir. Lakin bundan əlavə, Allah`dan başqa heç bir gücdən qorxmayan saleh möminlər Ona iman etmiş və hz.Musanın göstərdiyi yolu izləmişlər. Firon və əyanlarının əziyyəti və hücumu bu gəncləri yollarından ayıra bilməmişdir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi 83)

Quranda hz.Musaya iman edən saleh gənclərdə olduğu kimi, digər bütün möminlərin də düşmən qarşısında və yaxud çətinlik, sıxıntı, yoxluq zamanı eyni təvəkküllü və cəsur əxlaqı göstərdiyi bildirilir:

Möminlər müttəfiqləri gördükdə: “Bu, Allah`ın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!”– dedilər. Bu, onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi 22)

 

 

Çətin durumlarda belə, Allah`ın əmrlərinə tabe olmaq
Saleh mömini başqalarından fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri Allah`ın əmr və tövsiyələrinə göstərdiyi diqqətdir. Çətin durumlar mömini   gözəl əxlaqdan uzaqlaşdıra bilməz. Müsəlman nə qədər ehtiyac içində, yaxud çətin vəziyyətdə olursa-olsun, Allah`ın haram buyurduğu davranışı əsla etməz. Xəstəlik, yoxsulluq, müvəffəqiyyətsizlik və müxtəlif amillər qarşısında belə dürüst, ixlaslı və səmimi davranar.

Şeytan insanları doğru yoldan sapdırmaq, nəfslərinə tabe etdirmək istəyir. Buna görə də Allah`ın haram buyurduğu hərəkətləri icra etdirməyə, halal etdiklərini də tətbiq etməyə mane olmağa çalışır. İnsanın nəfsi də  davamlı olaraq pislikləri pıçıldayır. Məsələn, bir insanın nəfsi beş vaxt namaz qılmağa mane olmağa çalışır. Sübh namazlarında halsızlıq, istəksizlik, yuxusuzluq verir. Namaz qılmamaq üçün davamlı səbəblər irəli sürür. Çox işinin olduğu, namaza vaxtının olmadığı kimi şeytani fikirlər pıçıldayır. Lakin imanlı  insan bu ibadəti nəfsinin pıçıltılarını  dinləmədən, şövq və istəklə yerinə yetirir. Nəfs  oruc tutmağı çətin göstərmək üçün müxtəlif bəhanələr pıçıldayır. İnsana aclığa və susuzluğa səbir etməyi çətin göstərməyə çalışır. Oruc tutduğu təqdirdə, bəzi işlərini edə bilməyəcəyi kimi vəsvəsələr verir. Amma saleh mömin nəfsinin bütün təzyiqlərinə baxmayaraq, şövqlə orucunu tutur. Allah rizası üçün səbir etdiyi aclığın, susuzluğun və ya  yorğunluğun qarşılığını Rəbbimizdən gözləyir və bundan da həzz alır.

Nəfs qeyri-qanuni yollarla pul qazanmağın qanuni sayıldığı mühitdə hər kəsin bunu etdiyini təlqin edərək bu işi asan göstərməyə çalışır. Ancaq müsəlman çox ehtiyac içində olduğu  anlarda da qeyri-qanuni yollara əsla əl atmaz. Haram yollardan qazanılan pulu mənimsəməz. Ac olsa da, haram pulla açılan süfrədən yemək yeməz, belə mühitdə olarkən narahatlıq hissi keçirər. Ehtiyac içində olmağı səhv davranışlara zəmin ola bilməz. Vacib olan şərt Allah`ın haram buyurduqlarına qarşı diqqətli olmaq və bunları şövqlə, ixlasla yerinə yetirməkdir.

Allah`ın razılığına uyğun davranmağın zövqünü yaşayan müsəlmanları Allah Quranda xeyirlərdə yarışanlar  adlandırmışdır. Allah`ın vəd etdiyi cənnətə qovuşmaq yarışında müsəlman hər cür çətinliyə səbir etməyin və hər cür fədakarlığı, gözəl rəftarı göstərməyin sevincini yaşayır. Məsələn, çox yuxusuz olduğu halda,  mömin qardaşına kömək edir. Bunu edərkən qarşı tərəfə minnət qoymur və bu üstün əxlaqdan həzz alır.

Allah Quranda müsəlmanların İslam əxlaqından məmnun olub zövq aldıqlarını, bunun əksini isə çirkin gördüklərini belə xəbər vermişdir:

…Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah`ın lütfü və neməti sayəsindədir. Allah biləndir, müdrikdir. (Hucurat surəsi 7-8)

Lakin şeytan bütün qeyri-qanuni işləri insanlara məqbul göstərməyə çalışır. Bunun üçün istifadə etdiyi yollardan biri pislik edənlərin çoxluq təşkil etməsidir. İnsanların böyük hissəsi haram pul yeyir, halal-harama diqqət etmir, hər cür əxlaqsızlığı  yaşayır. Şeytan insanlara daim çoxluğu təşkil edən insanların doğru yolda olduğunu, onların etdiklərinin məntiqli olduğunu pıçıldayır. Halbuki, Allah`ın “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar… (Ənam surəsi 116)” ayəsində də bildirdiyi kimi, pislik edənlərin çox olması onların doğru yolda olduğunu göstərməz.

Əksinə, Allah ayələrdə  çox az insanın iman edəcəyini bildirir, əksəriyyətin isə azğınlıq içində olduğunu xəbər verir. Buna görə də şeytan iman edən insanı bu üsulla aldada bilməz, o,  ancaq imanı zəif və  vəsvəsəli  insanlara və inkarçılara təsir edə bilər.

Saleh müsəlmanların göstərdiyi diqqət isə Allah`a olan imanlarından, bu imandan qaynaqlanan əzmdən və üstün əxlaqlarından qaynaqlanır. Müsəlman gözəl əxlaqa dair hər davranışın nəfsə ağır gəldiyini bilir və bunun həzzini yaşayır. Allah`ın ayələrdə təriflədiyi gözəl əxlaqa sahib möminlərin qazandığı gözəlliklərdən biri isə möminlərin hörmət və sevgisidir. İnsanın Allah yolunda cəhd etməsi, hər cür maneəni  şövqlə dəf etməsi, haqq yolda heç kimdən çəkinmədən, yorulmadan, eşq və şövqlə qərarlı davranması, hər cür fədakarlığı etməsi o müsəlmana qarşı duyulan sevgini, hörməti qat-qat artıran xüsusiyyətlərdir. Allah bu üstün əxlaqı yaşayan insanları “Ənbiya” surəsinin 101-ci ayəsində “öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər” kimi təsvir etmiş, onların  həm fiziki, həm də əxlaqi gözəlliyindən xəbər vermişdir.

 

 

Çətin anlarda əsl dost sadəcə möminlərdir
Dindən uzaq insanların  istifadə etdiyi bir ifadə var: yıxılanın dostu olmaz… Bu sözün də  ifadə etdiyi kimi, cahil cəmiyyətdə insanlar çətin anda və ehtiyac duyduqları zaman yanlarında gerçək dost tapa bilmirlər. Halbuki, həyatda dostluq, vəfa və sədaqət anlayışları çox böyük yer tutur. Çünki insan maddi çətinlik çəkərkən, xəstəlik zamanı, yaxud mənəvi olaraq dəstəyə ehtiyac duyduğu anlarda yanında həqiqi köməkçi, əsl dost olaraq bir mömin qardaşının olmasını istəyir. Lakin din əxlaqından uzaq olan cəmiyyətlərdə bütün əlaqələr mənfəətə əsaslandığı  üçün bu dostu tapmaq qeyri-mümkündür. Hətta bu insanlar illərlə dost hesab etdiyi kəslərin gerçək üzləri ilə bu dövrlərdə qarşılaşırlar. Çətinlik çəkən insana bu dövrdə bir tərəfdən də onlar çətinlik verirlər. Belə hallara tez-tez rast gəlmək mümkündür. İnsanlar davamlı olaraq çətinlik anında  yaxınlarının onları axtarmadığından, tək qaldıqlarından və heç kimdən dəstək görə bilmədiklərindən şikayətlənirlər.

Məsələn, çox zəngin həyat yaşayan, lüks avtomobillərdən istifadə edən, bahalı yerlərdə əylənən insanın dost mühiti geniş  olur. Ətrafında çoxlu “dostu” vardır. Lakin bu insanın  işləri korlanarsa və öz fabrikində işləməyə başlayarsa, mövqeyi sadəcə “işçi” olarsa, ətrafı ilə əlaqəsi necə olar? Ətrafındakılar varlı ikən göstərdikləri sevgi və hörməti yenə göstərərlərmi? Bahalı paltarlar geyinməsə, lüks avtomobillərdə gəzməsə, lazımsız yerə pul xərcləməsə, dostlarına ziyafətlər verməsə, yenə eyni marağı, hörməti və əlaqəni görə bilərmi? Təbii ki, görə bilməz. Hətta əksinə, dost dediyi hər kəs ondan üz döndərər. Görməzlikdən gəlib, bəlkə də arxasınca lağ edərlər. Əslində, o insanın ruhu dəyişməyib, sadəcə xarici görünüşü dəyişmişdir. Amma cahiliyyədəki dostluqlar xarici görünüşə və maddiyyata dayandığı üçün o insanın: “Dostum”, - dediyi kəslər bir anda yoxa çıxırlar, o da tək qalır.

Başqa nümunə: evli cütlüyü düşünün. Evlənərkən pis gündə, yaxşı gündə bir-birlərini tərk etməyəcəklərinə dair  söz vermişlər. Lakin biri  qəza nəticəsində iflic olduqda,  danışa bilmədikdə və heç bir şey edə bilməyəcək vəziyyətə gəldikdə, görəsən, həyat yoldaşının davranışı necə olur? Bəlkə, müəyyən müddət buna dözə bilir, kömək edə bilir. Amma bunun faydasının olmadığını, zərər çəkdiyini düşünsə, hər şey dəyişir. Belə nümunələr cahiliyyədəki vəfa, dostluq və sədaqət anlayışını açıq şəkildə göstərir. Bu cür münasibətlərdə mənfəətin bitdiyi yerdə əlaqələr də dərhal sona çatır. Bu vəziyyətdə həyat yoldaşını tərk etməyənlərin əksəriyyəti isə bunu sevgi və mərhəmətə görə deyil, cəmiyyətə görə edirlər. Görünüşdə vəfalı və sadiq görünür, amma  möhtac vəziyyətdəki həyat yoldaşına qarşı  mərhəmət və şəfqət hiss etmirlər.

Cahil cəmiyyətə aid başqa bir nümunə də gənc insanların yaşlılara, qoca ata və analarına qarşı münasibətləridir. Ailələri onların hər cür ehtiyaclarını qarşılamışdır. Amma valideynləri yaşlandıqda onlar ata  və analarına qarşı eyni sədaqət və diqqəti göstərmirlər. Hətta bu yaşlı insanların özlərinə yük olduğunu düşünüb onları qocalar evinə yerləşdirirlər.  Halbuki, müsəlman  ailəsinə qarşı yaxşı gündə də, pis gündə də vəfalı olar. Bütün ehtiyaclarını təmin etmək üçün çalışar. Çünki Allah ayələrdə möminlərin ailələrinə qarşı necə davranmalı olduqlarını bildirmiş, gözəl sözü nəsihət etmişdir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” - belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!  (İsra surəsi 23)

Ayədən də aydın olduğu kimi, imanlı şəxs ehtiyac içində olana minnət qoymadan hər cür köməyi edir, vicdanlı davranır. Gerçək dostluğun, vəfanın, səmimiyyətin, sədaqətin yaşandığı tək yer saleh möminlərin yanıdır. Müsəlmanlar bir-birinin  dostu, köməkçisi və qardaşıdır. Müsəlman ən çətin anda belə  mömin qardaşının yaxşılığını, rahatlığını düşünür. Onların nəfsini öz nəfsindən üstün tutur. Hər cür fədakarlığı edir, bundan da böyük zövq alır. Xəstələnəndə mömin qardaşının bütün ehtiyaclarını  qarşılayır, maddi çətinlik çəkərsə, bütün imkanlarını onunla paylaşır; lazım gəldiyində, yuxusuz və ac qalır, amma müsəlman qardaşını çətin vəziyyətdə və ehtiyac içində qoymur. Allah ayələrdə iman edənlərin gerçək dostlarını belə bildirir:

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah`a) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi 55)

Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır.… (Ənfal surəsi 72)