Dünya imtahan yeridir

İnsan bütün canlılar kimi Allah tərəfindən bir məqsədlə yaradılmışdır. İnsanın yaradılış məqsədini və dünya həyatında necə yaşayacağını öyrənə biləcəyi qaynaq Allah`ın qullarına rəhbər olaraq endirdiyi Qurandır. Allah “Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız? (Muminun surəsi 115)” ayəsində insanların müəyyən bir məqsədlə yaradıldığını bildirmişdir. Bu məqsədin nə olduğu isə başqa ayələrdə izah edilmişdir. İnsanın yaradılış məqsədi “…insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zariyat surəsi 56)” ayəsində xəbər verildiyi kimi Allah`a qulluq etməkdir.

Sadəcə Allah`a ibadət etmək üçün yaradılan insanın qarşısında təxminən altmış-yetmiş illik qısa  ömür vardır. Bu ömür, eynilə, qum saatında olduğu kimi heç dayanmadan axır, insan axirətə doğru addımlayır.  Hər kəs özü üçün təyin olunmuş müddət ərzində yer üzündə qalacaq. Bu vaxtın məlumatı Allah qatında gizlidir. İnsanın həyatı heç kimin dəyişdirə bilməyəcəyi şəkildə, Allah tərəfindən yazılmış qədər üzrə davam edir.

Dünya üzərindəki hər şey vaxtı gələndə yox olacaq. Açıq-aşkar olan həqiqət isə “… dünya həyatı axirət həyatı  ilə müqayisədə çox cüzi bir şeydir. (Rəd surəsi 26)” ayəsində də bildirildiyi kimi, sonsuz axirət həyatının yanında dünya həyatının çox qısa olduğudur. Çünki dünyada hər şey köhnəlməyə, yaşlanmağa və yox olmağa məhkumdur. Zaman hər kəsi və hər şeyi mütləq təxribata uğradır və bu keçici dünyaya bağlananlar  böyük  itkiyə məruz qalırlar.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də əsərlərində dünya həyatının keçici məkan olduğunu və insanın bu dünyada axirəti üçün ciddi bir cəhd göstərməli olduğunu belə ifadə etmişdir:

Dünya bir mehmanxanadır. İnsan orada çox az qalacaq və vəzifəsi qonaq olmaqdır və qısa bir ömürdə əbədi həyatına lazım olan ləvazimatı tədarük etməklə mükəlləfdir.

İnsanın dünya həyatındakı qısa ömrünü “keçici qonaqlıq” olduğunu bildirən Səid Nursi başqa nümunədə: “İnsana varlığı heyvan kimi dünya həyatını qazanmaq üçün verilməmişdir”, - deyir və bu şəkildə davam edir:

Ey nəfsim və ey dostum! Ağlınızı başınıza yığın. Ömür sərmayənizi və həyat qabiliyyətinizi heyvan kimi, hətta heyvandan daha aşağı dərəcədə bu keçici həyat və maddi ləzzətlər uğrunda xərcləməyin. Yoxsa sərmayə cəhətdən ən üstün heyvandan əlli dərəcə yüksək olduğunuz halda, ən aşağıda olanından əlli dərəcə aşağı düşərsiniz.

Bədiüzzamanın da ifadə etdiyi kimi, üstün xüsusiyyətlərlə nemətləndirilmiş, ağıl, vicdan və sağlam fikir sahibi bir varlıq olan insanın yaradılış məqsədinin əskikliklərlə dolu olan bu qısa dünya həyatında keçici mənfəətlər əldə etmək olmadığı çox açıqdır. İnsan burada sınanır və son hədəfi də sonsuz axirət gözəlliyini qazanmaqdır.

İnsan dünyada qarşılaşdığı hadisələrə göstərdiyi davranışlarla, sahib olduğu əxlaqla və qəlbindəki niyyəti ilə sınanır və sadəcə: “İman etdim”, - deməsi kifayət deyildir. İmanı davranışlarına da əks olunmalıdır. Çünki qiyamət günündə gizli, yaxud açıq olan həyatına aid hər şey meydana gətiriləcək, çox həssas haqq-hesab gedəcək. Bu hesabda “… xurma çərdəyindəki tel qədər (Nisa surəsi 49)” belə haqsızlığa məruz qalmayacaq. Etdiyi yaxşılıqları  çox olanlar  sonsuz gözəlliklərlə bəzənmiş cənnət yurdu ilə mükafatlanacaq, pisliyi və zülmü seçənlər isə sonsuz cəhənnəm əzabı ilə qarşılıq görəcəklər. Çünki Allah bu qısa həyatı insanları sınaqdan keçirərək yaxşı və doğru olanları digərlərindən ayırd etmək üçün yaratmışdır. “Mülk” surəsində bu həqiqət belə bildirilir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur... (Mülk surəsi 2)