Dünyaya bağlananların vəziyyəti

Müsəlmanlar imtahanın sirrini qavradıqları üçün xoşbəxt və rahat yaşayırlar. Dünyaya bağlananlar isə çox çətinlik və əzab çəkirlər. Müsəlmanlar səbrin gözəlliyini və zövqünü yaşadıqları halda, dünyaya bağlanıb imtahan olunduqlarını anlamayanlar səbirsizliyin, təvəkkülsüzlüyün, xəsisliyin, dünya həvəsinin çətinliyini və əzabını yaşayırlar. Bu əzab həyatlarının hər anında özünü göstərir. Hər işlərinə bərəkətsizlik və narahatlıq hakimdir. Gözəllikləri görmür, üstün əxlaqın verdiyi zövqü əsla dada bilmirlər.

Namussuzluq, əxlaqsızlıq, riyakarlıq həyatlarının hər anında özünü büruzə verir. Ən böyük səhvləri isə həmişə özlərini düşünüb, xəsislik və eqoistlik edərkən bunların özlərinə gətirəcəyi zərərləri görə bilməmələridir. Əslində, bu şəkildə düşünənlər həm dünyada, həm də axirətdə  böyük itkiyə məruz qalırlar, lakin bunun fərqinə vara bilmirlər. İnkar edənlər altından çaylar axan cənnət yurdunu, sonsuz nemətləri itirirlər. Ən əsası isə Allah`ın razılığını və rəhmətini itirmələridir. Allah “Fatir” surəsində inkarçıların necə böyük itki içində olduqlarını bu şəkildə bildirir:

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.  (Fatir surəsi 39)

İnkar edənlərin içinə düşdüyü bu vəziyyət onları izləyən müsəlman üçün  ibrət vericidir. Məsələn, oğurluq edib yetimin, kasıbın, ehtiyac içində olanın malını qəsb edən adamın bu haram pullarla alıb geyindiyi paltarların mənəvi kiri hər halından bilinir. Allah ayələrdə iman etməyənlərin vəziyyətini “Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi 125)” şəklində bildirir. Onların üzərindəki  cismani kirlə yanaşı, mənəvi kir də xəbər verilir. Bu kir Allah`dan qorxanların görə biləcəyi mənəvi kirdir. Varlı olduğu halda, xəsislik edən, kasıba, yoxsula və ehtiyac içində olana əl tutmayan, kömək etsə belə, bunu minnət altında qoyaraq edən bu kəslər, mənəvi kiri də üzərilərində daşıyırlar. “Dini yalan sayan o kimsəni gördünmü? O, elə adamdır ki, yetimi qovar və  kasıba əl tutmağa sövq etməz.  (Maun surəsi 1-3)” ayələrində bildirilən əxlaqdakı şəxslərin bütün hərəkətləri, haram yemələri, sədəqə verməyib pul yığmaları və bu pulları qeyri-qanuni şəkildə xərcləmələri iman edənlərdə ikrah hissi oyadır.

Gündəlik həyatda  mal-dövlətini haram işlərlə qazanan kəsləri görürük. Həyatını cinayət, rüşvət və ya fırıldaqla qazananların davranışları günahkar həyatın izlərini daşıyır. Allah haram yeyən, yetimin malını mənimsəyən, yoxsula, ehtiyacı olana əl tutmayan, zülm edən insanların bütün heybət və gözəlliyini əllərindən alır. Onlar özlərini gözəlləşdirməyə çalışdıqca mənəvi kir, zülmət və çirkinlik onları bürüyür. Bu, əxlaqsızlığın, günahkarlığın, şərəfsizliyin işarəsidir. Allah pis əxlaqın nəticəsində insanların üzlərini örtən bu zülmət və çirkli ifadəni “zillət” sözü ilə bizlərə açıqlayır:

Yaxşı iş görənlər üçün ən yaxşısı (cənnət) və bundan da üstünü (Allah`ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pis­­liyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allah`dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bü­­rünmüşdür. Onlar od sakinləridir­ və orada əbədi qalacaqlar.
(Yunis surəsi 26-27)

Ayədə də ifadə edildiyi kimi, gözəl əxlaq insanların gözəlliyini artırır, pis əxlaq isə qaranlıq gecə kimi inkarçıların üzünü bürüyür. Çünki Allah hər kəsə etdiyi ilə qarşılıq verir. Pislər pisliklə, yaxşılar da gözəlliklə qarşılıq görür. Belə kəslərin bütün davranışları  inananlarda ikrah hissi oyadır.

Məsələn, belə insanın  hər hərəkəti başqalarında narahatlıq yaradır. Ziyafət təşkil etdikdə, bu, kənardan nə qədər gözəl görünsə də, onların əxlaqlarının fərqində olan insanın gözünə  gözəl görünməz. Çünki bu insanların həyatı haramdan ibarətdir. Yeyib-içdiklərində kasıbın, yetimin haqqı vardır. Bir mömin halal pulla qazanılmış bir qab yeməyi, haram yolla  qazanılmış pulla hazırlanan möhtəşəm süfrədən üstün tutar. Hər şeydə köməksiz qadınların, uşaqların, zərər çəkən yaşlıların haqqı olduğunu düşünər. Fiziki cəhətdən təmizlik olsa belə, əvvəlcə bəhs etdiyimiz mənəvi çirk bunlarda da hiss edilər. Ayələrdə Allah haram yeyənlərin və yalana qulaq asanların həm dünyada, həm də axirətdə rüsvay olacağını, insanların gözündə də alçalacağını bildirmişdir:

… Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allah`a mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir…
(Maidə surəsi 41-42)

Əslində, bu insanlar da özlərindən və özlərinə bənzəyən insanlardan narahat olurlar. Çünki vicdansız və zalım davranışlarına özləri də şahiddirlər. Haram işlərdən dolayı çox həyasız bir görünüş alırlar. Günümüzdə bu həyasızlığın hakim olduğu kəslər fahişəlik edənlər və bundan pul qazananlardır. Bu əxlaqsızlığı peşə edənlər insanlıqdan uzaqlaşırlar. Üzərilərində insanlığa aid heç bir gözəllik qalmır, bütün heybətləri gedir. Fahişəlik qadında da, kişidə də çirkinlik meydana gətirir. Allah bu insanlara xəstəlik, bəla, müsibət, yoxluq verir. Bəhs etdiyimiz mənəvi kir və zillət bu kəslərdə də özünü büruzə verir.

Allah ayələrdə imtahanın sirrini qavrayan və cənnət yurduna qovuşan inananlarla yanaşı, zillət əhlinin cəhənnəmdəki mövqeyini də bildirir.  Bu kəslər həlak olmuş və bütün yaxınlarını da həlak etmişlər:

(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi 45)