Dünya həyatına qarşılıq axirəti satın almaq

Din əxlaqından uzaq olan insanların yanıldığı mövzulardan biri bu dünyadakı həyatı qalıcı olaraq düşünmələri və imtahan olunduqlarını unutmalarıdır. Dünyada belə qəflət içində yaşayan insanlara təsir edən, diqqətlərini çəkən bir çox gözəllik vardır. Axirətin unudulduğu cəmiyyətlərdə insanlar doğulduğu andan etibarən bəzəkli görünən bu dəyərləri əldə etməyə çalışırlar. Allah insanları dünyaya həvəslə bağlayan bu bəzəkləri Quranda belə təsvir etmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır”. Allah qullarını görür. (Ali-İmran surəsi 14-15)

Yuxarıdakı ayələrdən aydın olduğu kimi, insanların dünyaya bağlılıqları müxtəlifdir. Amma bunları əldə etməyin faydası yoxdur. Çünki əsl həyat sonsuzadək davam edən axirət yurdudur. “Kəhf” surəsində insanların həvəslə bağlandığı dünya həyatının həqiqəti belə bir bənzətmə ilə ən hikmətli şəkildə təsvir edilmişdir:

 Onlara dünya həyatını misal çək. Bu, göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi 45-46)

Bu ayələrdə də xəbər verildiyi kimi, dünyaya aid hər cür bəzək, zənginlik, gözəllik, yoldaşlar, evlər, ləl-cavahirat, mövqe, şan-şöhrət sadəcə keçici əyləncədən başqa bir şey deyildir. Bunların hamısı mütləq surətdə yox olacaqdır.

Lakin insanların böyük hissəsi bunların keçici olduğunun fərqinə varmır, əksinə, bunlara qapılıb əylənirlər. Kimisi daha çox mal-dövlət yığmağa, kimisi insanlar tərəfindən daha çox sevilməyə, kimisi daha gözəl və ya yaraşıqlı biri ilə ailə həyatı qurmağa, kimisi də iş yerində ən müvəffəqiyyətli şəxs olaraq tanınmağa çalışıb cəhd edir. Bütün bunlara elə böyük həvəslə bağlanırlar ki, sonsuz axirət həyatını tamamilə unudurlar. Ölümü yox olmaq olaraq düşünür və ölümdən sonrası üçün hazırlıq görmürlər.

Halbuki, Bədiüzzaman Səid Nursinin də söylədiyi kimi, ölüm yox olmaq deyil, əksinə, dünyada yaşanan imtahanın sona çatdığı və edilənlərin qarşılığının alındığı yerdir:

Kainatdakı yox olmaq, ayrılıq, yoxluq zahiridir. Gerçəkdə ayrılıq yoxdur, qovuşma vardır. Yox olma və yoxluq yoxdur, yenilənmə vardır. Və kainatdakı hər şey bir növ sonsuza qədər var olmağa qadirdir. Ölüm bu keçici aləmdən sonsuz aləmə getməkdir. Ölüm hidayət əhli və Quran əhli üçün o biri aləmə gedən  dostlara qovuşma vəsiləsidir. Həqiqi yurdlarına girməyə vasitədir. Həm dünya zindanından cənnət bağçasına dəvətdir. Həm Rəhmani-Rəhimin fəzlindən öz xidmətinə qarşılıq ödəniş almaqdır. Həm həyat vəzifəsinin çətinliyindən bir tərxisdir. Həm  də qulluq və imtahanın təlim və təlimatından bir fasilədir.

Bədiüzzamanın yuxarıdakı sözlərində də ifadə etdiyi kimi, dünyanı gerçək yurd zənn etmək böyük qəflətdir. Çünki sonsuzluğun yanında dünya həyatının müddəti tək bir an hökmündə belə deyil. Bədiüzzaman başqa ifadəsində dünyanı axirətdən üstün tutmağın nə qədər ağılsız davranış olduğuna bu nümunə ilə diqqət çəkmişdir:

Əbədi həyatı zəhərləyəcək və pozacaq tərzdə sırf bu keçici həyata bağlanmaq ani bir şimşəyi, daimi olan günəşdən üstün tutmaq kimi divanəlikdir.

Bu həqiqətin şüurunda olan müsəlmanlar ölümlə birlikdə dünyadan ayrılmağı Quran əxlaqından uzaq insanlar kimi üsyanla deyil, şövq və həyəcanla qarşılayırlar. Dünyada etdikləri gözəl əməllərin qarşılığını Allah`dan sonsuz axirət həyatlarında alacaqlarına ümid edirlər. Axirətdə cənnət kimi sonsuz gözəlliklər və incəliklərlə dolu bir məkana qovuşma ümidinin şövqü və həyəcanı içində yaşayırlar.
Dünyaya onu əbədi həyat yeri zənn edərək həvəslə bağlananların vəziyyəti bir ayədə belə xəbər verilmişdir:

Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar (cəhənnəm) oduna necə də səbirlidirlər! 
(Bəqərə surəsi 175)

Başqa ayədə də imanı əldən verib küfrü alanlar olaraq bildirilən bu insanlar böyük səhvə yol verirlər. Bu kəslərin necə itkiyə yol verdiklərini anlamaq üçün belə bir nümunə verə bilərik:

İki insan düşünün. Bunların ikisinə də böyük sərmayə verilsin və necə xərcləyəcəklərinin qərarı da özlərinə buraxılsan. Onlardan biri əlindəki bütün imkanları saçıb-sovursun və əlində bir müddət sonra heç bir şey qalmasın. Şübhəsiz, bu adam belə vəziyyətdə -geriyə dönməyin mümkün olmadığının fərqinə vardığında- çox böyük peşmanlıq yaşayar. Digər adam isə əlindəki sərmayəni qalıcı və insanlara faydalı şəkildə xərcləsin, əldə etdiyi bütün gözəlliklər həm özü, həm də insanlar üçün qazanc olsun.

Dünyada insana verilən bütün mal, mülk, mədəniyyət, şöhrət, etibar, gözəllik və daha bir çox nemət də axirətə hazırlanmaq üçün verilən fürsətdir. İman edən şəxs bu fürsətləri ən ağıllı şəkildə qiymətləndirər.

İnkar edənlər isə əlindəki sərmayəni boş yerə xərcləyən insana bənzəyir. İnkarçılar dünya həyatında özlərinə verilən qısa müddəti məqsədsiz şəkildə xərcləyir və sonra sonsuz axirət həyatında böyük bir itki içində olurlar. Bu insanların vəziyyəti Quranda belə xəbər verilir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.   (Kəhf surəsi 103-105)

Sadəcə dünya həyatına razı olmayan və axirət həyatının əbədi olduğunun şüurunda olan kəslər bu həyatın keçici olduğunu bildikləri üçün sonsuz cənnət gözəlliklərini qazanmağa çalışırlar. Onlar bu ticarətə görə,  böyük qazanc içindədirlər. Allah onları böyük bir əcrlə müjdələmişdir:

Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır.… (Tövbə surəsi 111)

...Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.  (Tövbə surəsi 111)