Hər çətinliklə birlikdə asanlıq vardır

Saytın əvvəlindən etibarən Allah`ın inananlara sınaq olaraq verdiyi müxtəlif çətinliklərdən və bunun qarşısında möminlərin göstərdiyi üstün əxlaqdan bəhs etdik. Bu əxlaqı yaşayarkən qəlblərində hiss etdikləri şövqdən, dinclikdən, sevgi və hörmətdən danışdıq.
Çətinliklərlə yanaşı, Allah`ın iman edən qullarına gözəllik və asanlıq verdiyini vurğulamaq lazımdır. Allah bir çox ayədə saleh möminlərin işlərində asanlıq yaratdığını bildirir:

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi 5-6)

… Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (Bəqərə surəsi 185)

Səni ən asan olana müvəffəq edərik.  (Əla surəsi 8)

…Kim Allah`dan qorxarsa, (Allah) onun işini asanlaşdırar. Bu, Allah`ın sizə nazil etdiyi əmridir. Kim Allah`dan qorxarsa, (Allah) onun (günahlarından) keçər və onun mükafatını artırar.   (Talaq surəsi 4-5)

…Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.  (Talaq surəsi 7)

Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah çətinlik və sıxıntı çəkən möminlərin işlərini asanlaşdırır və  onlara kömək edir. Ayələrdə Allah`ın inananlara mələklərlə kömək etdiyi və bunun  müjdə məqsədi ilə edildiyi bildirilir:

Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allah`dan qorxun ki, bəlkə şükür edəsiniz. O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi?” Əlbəttə, siz səbir etsəniz, (Allah`dan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq qüdrətli və müdrik Allah`dandır. (Bu, ona görə idi ki, Allah bununla) kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər. (Ali-İmran surəsi 123-127)

Allah möminləri görünməyən əsgərlərlə də dəstəkləyir, qəlblərinə arxayınlıq yerləşdirir. “Tövbə” surəsində Allah`ın çətinlik anında Peyğəmbərimizə (səv) verdiyi dəstək bu şəkildə ifadə edilir:

 (Ey möminlər!) Əgər siz ona  kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq  nazil etmiş, onu sizin görmədiyiniz  əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allah`ın sözü  ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi 40)

Yuxarıdakı ayələrdə də ifadə edildiyi kimi, müsəlmanlara sınaq olaraq verilən çətinliklərlə yanaşı, böyük asanlıqlar da yaradılır. Müsəlmanların birlik olmaları, hər şeyin sınaq olduğunu bilmələri, sonsuz axirət yurduna hazırlandıqlarının şüurunda olmaları, əslində, bu çətinliklər qarşısında onlara verilən asanlıq hökmündədir. Bundan əlavə, Allah möminləri  gözəlliklə müjdələyir. Peyğəmbərlərin və saleh möminlərin həyatında da gördüyümüz kimi, Allah hər çətinliyin ardından inananlara mütləq zəfər, müvəffəqiyyət və qalibiyyət verir. Bu mövzuda Quranda verilən çox əhəmiyyətli nümunə hz.Yusifin həyatıdır.

Hz.Yusif kiçik yaşda qardaşları tərəfindən quyuya atılır. Onu tapan şəxslər hz.Yusifi vəzirə kölə kimi satırlar. Sonra  vəzirin həyat yoldaşı hz.Yusifə böhtan atır və bunun böhtan olduğunu hər kəs bildiyi halda, illərlə həbs olunur. Həbsdə müxtəlif çətinliklərlə qarşılaşır, lakin hər zaman gözəl əxlaq göstərir. Başına gələn hər hadisədə Allah`a yönəlir və beləliklə, həbsxana onun üçün mədrəsəyə çevrilir. Müsibət və çətinliklər qarşısında göstərdiyi təvəkkül, təslimiyyət və Allah`a olan bağlılıq bütün inananlara nümunədir. Allah bu üstün əxlaqının qarşılığı olaraq onu zindandan azad edir, dünyada ona güc və zənginlik verir.

Buna görə də, hz.Yusifin həyatında inananlar üçün çox gözəl nümunə vardır. Allah çətinliklər qarşısında təvəkkül və səbir göstərən qullarına mütləq asanlıq və gözəllik verəcəyini vəd etmişdir:

…Kim Allah`dan qorxsa, Allah ona  bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah`a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü  təyin etmişdir. (Talaq surəsi 2-3)

Allah qullarını bəzən çətinlik və sıxıntılarla imtahan edir. Amma bunun şüurunda olan, Allah`a təslim olan, qarşısına çıxan hər hadisədən razı olan möminlər ən böyük qazancı əldə edirlər. Çünki onlar bu dünyada çəkdikləri çətinliyin, hər cür çətin şəraitdə göstərdikləri üstün əxlaqın, fədakarlığın, səbrin, təslimiyyətin qarşılığını axirətdə  alacaqlar. Bəlkə də bu dünyada bir neçə dəqiqəlik  çətinlik, axirətdə milyonlarla illik cənnət həyatı olaraq qarşılarına çıxacaq. Şübhəsiz ki, bu böyük həqiqəti bilən insanlar bütün həyatlarını şövq, rahatlıq, cənnət kimi sonsuz gözəlliklərlə dolu bir məkanı ümid etməyin həyəcanı və sevinci içində keçirirlər. Allah bu insanların vəziyyətini ayədə belə bildirir:

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları  zaman onlardan üz çevirib vüqarla keçər. O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz. Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı  olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et!” – deyərlər. Məhz belələri səbir etdiklərinə görə, cənnət guşəsi ilə mükafatlandırılacaq, orada  ehtiramla, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır! (Furqan surəsi 72-76)

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını  versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər. (Nur surəsi 37-38)