İman gətirdikdən sonra inkar edənlər

İman Allah`ın verdiyi ən böyük nemətlərdən biridir. İnsanın dünyadakı xoşbəxtliyi və rahatlığı, sonsuz həyatındakı qurtuluşu da imanının vasitəsi ilə olur. Buna görə də bütün nemətlər kimi iman  üçün də Allah`a şükür etmək lazımdır. Allah imanı dilədiyi quluna nəsib edər, dilədiyinə isə etməz. Allah`ın iman vermədiyi insanı bütün dünya   imana dəvət etsə belə, heç bir şəkildə iman etməz. Bu həqiqət Allah`ın Peyğəmbərimizə (səv) xitab olaraq endirdiyi bir ayədə belə ifadə edilir:

Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da,  Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz.  (Nəhl surəsi 37)

Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların  altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allah`a həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz cənnət budur!”  (Əraf surəsi 43)

Nemətə şükür etmək, şifahi olaraq Allah`a həmd etməklə bərabər, feili olaraq da Allah`ın razılığına uyğun hərəkətlər etməkdir. İmanın şükürü ibadətdir. Hər mömin Allah`ın özünə verdiyi imana şükür olaraq ibadətlərini yerinə yetirməli,  bütün imkanlarını Allah rizası üçün istifadə etməli, özünü Allah`a  həsr etməlidir.

Əgər bu şükür edilməzsə, yəni mömin  “Mən  möminəm, cənnət əhlindən olacağam” şəklində düşünərək sınaqdan keçirildiyini unutsa,  verilən nemət geri alına bilər. Quranda Allah`ın təsvir etdiyi kimi qəlbi qatılaşa bilər və sonda inkara düşə bilər. Bu vəziyyətdə, əvvəlki imanı və etmiş olduğu saleh işlər özünə heç bir fayda verməz, əməlləri puç olar. Allah bu həqiqəti bir çox ayədə xəbər vermişdir:

… Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar.  (Bəqərə surəsi 217)


Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan”. (Zumər surəsi 65)


İman gətirənlər isə deyəcəklər: “Sizinlə bərabər olacaqlarına dair Allah`ın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular. Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatəedəndir, biləndir. (Maidə surəsi 53-54)

Allah Quranda imandan sonra inkarçıların varlığından bəhs edir. Ayələrdə bu insanların  azdığı və Allah tərəfindən bağışlanmayacağı xəbər verilir:

 Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir. (Nisa surəsi 137)


Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.  (Ali-İmran surəsi 90)

Bu insanların axirətdəki vəziyyəti isə belə bildirilir:

O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– (deyiləcəkdir).  (Ali-İmran surəsi 106)

Bütün bu ayələr iman gətirdikdən sonra kafir olmaq kimi bir təhlükənin varlığını göstərir. Ayələrdə bəhs edilən insanlar həyatlarının bir hissəsində Allah`ın varlığına və birliyinə iman edib, Onun hökmlərinə görə yaşayan kəslərdir. Lakin sonra  nəfsləri onları Allah`ın dinindən uzaqlaşdırmış və inkara aparmışdır. Bu şəkildə, küfrə düşməklə, bəlkə də digər bir çox inkarçıdan daha günahkar hala gəlmişlər. Çünki onlar doğru olanı öyrənmiş, bir müddət yaşamış, amma sonra vicdanları qəbul etdiyi halda, Allah`ın dinini tərk etmişlər. Buna görə, bir zamanlar etdikləri bütün xeyirli işlər də tamamilə puç olmuşdur (ən doğrusunu Allah bilir). Buna görə də insan dünyada hər an imtahan edildiyini unutmamalıdır. Qarşılaşdığı bütün hadisələrlə sınaqdan keçirildiyini, şeytanın özünə müxtəlif yollarla vəsvəsə verməyə çalışacağını, qarşısına çıxan çətinlikləri heç bitməyəcəkmiş kimi göstərməyə və bu yolla onu doğru yoldan ayırmağa çalışacağını əsla unutmamalıdır. Çünki imandan sonra küfrə düşmək, sonsuz əzaba layiq olmaq deməkdir.

Bu kəslər imandan döndükdən sonra dünyada səfil həyat yaşayırlar. Maddi olaraq zəngin olsalar belə, həyatlarının sonuna qədər mənəvi əzab çəkirlər. Həqiqəti bildikləri üçün  vicdanlarını susdurmağa çalışırlar, davamlı olaraq vicdan əzabı çəkirlər. Əsl əzabı isə axirət həyatında yaşayırlar. Allah bunun kimilərin vəziyyətini belə xəbər verir:

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır. (Ali-İmran surəsi 91)

Madam belə bir təhlükə var, mömin həyatının ən son anına qədər bu təhlükədən çəkinmək məcburiyyətindədir. Çünki insanın: “İman etdim”, - deyib, zəiflik göstərməməsi çox əhəmiyyətlidir. İnsan  etdiklərinin sonsuz axirət həyatına çatmaq üçün kafi olduğunu düşünərsə, “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi 6-7)” - ayəsində bildirildiyi kimi, azğınlıq edə bilər. Buna görə də hər an bu təhlükəni nəzərə almalı, hər hərəkətində Allah`ın razılığına uyğun hərəkət etməlidir. Çünki imtahan insanın həyatının son anına qədər davam edir.