İmtahanin sirri

İman edən insanların dünyada müxtəlif sınaqlardan keçiriləcəyini, malları və canları ilə imtahan ediləcəyini, inkarçıların müxtəlif tələləri ilə qarşılaşacağını və əsassız böhtanlara məruz qalacağını Allah Quranda xəbər vermişdir. Yəni saleh möminlər həyatın hər dövründə bəzi çətinliklərlə qarşılaşa bilərlər. Vacib olan odur ki, insanlar bu çətin anlarda Quran əxlaqını yaşasın, hər an Allah`ı zikr etsin, içində olduğu vəziyyətə şükür edib, hamısında xeyir və gözəllik olduğunu görə bilsin.

Bu deyilənlərin rahat mühitdə, bolluq və nemətlər içində ikən edilməsi çətinlik anına görə, şübhəsiz, daha asandır. Ancaq müsəlmanın imanının gücünü göstərən ən əhəmiyyətli xüsusiyyətlərdən biri, bu üstün əxlaqını çətin zamanlarda yaşamasıdır. Kasıblıq, aclıq, qorxu, mallardan azalma, xəstəlik, inkarçıların təhdidləri, böhtanları və tələləri kimi hadisələrlə qarşılaşdıqlarında səbir göstərən müsəlmanlar gözəl əxlaqlarının qarşılığını daha gözəli ilə alacaqlar.

Quranda inkarçıların elçilərə və saleh möminlərə qarşı qurduqları tələləri və zorbalıqları ilə əlaqədar bir çox nümunə verilir. Fironun qövmünə qarşı göstərdiyi zorba davranış da buna nümunədir. Allah ayədə bunun sınaq olduğunu bu şəkildə bildirir:

Bir zaman Biz sizi fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.  (Bəqərə surəsi 49)

Ayədə də ifadə edildiyi kimi, inkarçıların xeyrə mane olmaq üçün etdikləri hər cür zorbalıq müsəlmanlar üçün imtahandır. İman edənlərin bu çətinliklər qarşısında göstərdiyi üstün əxlaq, cəsarət, əzm onların axirətdə alacağı qarşılığı və dərəcələri artırır. “Bəqərə” surəsində inananların dünyada yaşadığı imtahan və göstərdiyi gözəl əxlaq bu şəkildə təsvir edilmişdir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allah`a məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.  (Bəqərə surəsi 155-157)

Ayələrdə bildirilən təvəkküllü və təslimiyyətli ifadələr bütün müsəlmanlar üçün ən gözəl nümunədir. İnkar edənlərin isə iman edənlərin bu təvəkküllü və səbirli davranışlarını anlamaları mümkün deyil. Çünki onlar iman edənlərin özlərinə bənzədiyini, onların  cahiliyyə meyarları ilə düşünüb özləri kimi davrandıqlarını zənn edirlər. Buna görə də bolluq zamanı möminlərin dünyaya meyil salacağını və çətinlik və sıxıntı ilə qarşılaşdıqlarında isə ümidsizlik göstərib inkara sapacağını düşünürlər.

Lakin bu şəkildə düşünənlər çox böyük səhv edirlər. Çünki imtahanın sirrini qavrayan müsəlman üçün çətinliklərə səbir etmək ən böyük gözəlliklərdəndir. Quran əxlaqını yaşayan və bu üstün əxlaqın insanlar arasında da yayılması üçün cəhd edən mömin üçün başına gələn çətinliklər onun doğru yolda olduğunu göstərən işarədir. Bunlar onun şövqünü, sevincini və mübarizə əzmini qat-qat artırır.

Allah Quranda tarix boyu dəyişməyən bəzi qanunların varlığından bəhs edir. İnananların çətinlik və sıxıntı ilə qarşılaşmaları, inkarçıların təzyiqlərinə məruz qalmaları, amma inkarçıların bunun nəticəsində mütləq məğlubiyyətə uğramaları da Allah`ın xəbər verdiyi bu qanunlardandır:

(Müşriklər) səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə sıxışdırsınlar. Çünki səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər. Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən. 
(İsra surəsi 76-77)

Bu,  imtahanın sirlərindən biridir. Allah Quranda müsəlmanlara qarşılaşa biləcəkləri bir çox hadisəni əvvəlcədən xəbər vermişdir. Bundan əlavə, müsəlmanlara cənnətə girə bilmələri üçün mütləq keçmişdəkilərin başlarına gələnlərlə sınanacağını da bildirmişdir:

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allah`ın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allah`ın köməyi yaxındır.  (Bəqərə surəsi 214)