İnsan xeyir və şərlə imtahan olunur

İnsanların həyatları boyu müxtəlif şəkillərdə sınanacağını kitabın başında da ifadə etmişdik. Quranda bu sınaqların xeyirlə olduğu kimi, şərlə də ola biləcəyi bildirilir:

 Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi 34-35)

Ayələrdə xəbər verildiyi kimi, insan hər cür hadisə ilə sınana bilər. İnsan bolluq, zənginlik, nemət içində ikən də Allah`ın razı olacağı gözəl əxlaqı göstərməli, hər davranışında Allah`a yönəlib  Onun əmr və tövsiyələrinə çox böyük həssaslıq göstərməlidir. Çünki bolluq dünyanın keçici bəzəklərinə aldanan insan üçün fitnə mövzusu, sınaq, unutdurub-yanıldan amil ola bilər. Amma imanlı bir insan nə qədər böyük nemətlər içində olursa-olsun, əsla Allah`a qarşı nankorluq etməz.

İnsan bundan əlavə xəstəliklərlə, fəlakətlərlə, inkarçılardan gələn müxtəlif təzyiqlərlə, incidici söz, böhtan, tələ, kimi hadisələrlə də imtahan oluna bilər. Lakin müsəlman bunların hamısının imtahanın bir hissəsi olduğunu bilir və bunlara səbir göstərməyin gözəlliklərə açılan qapı olduğunu unutmur.

Bu insanlar qeyd etdiyimiz kimi, dünya qarşılığında axirəti satın alaraq özləri üçün xeyirli ticarət etmişlər. “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır. (Ənfal surəsi 28)” ayəsinə uyğun olaraq, sahib olduqları hər şeylə sınandıqlarının şüuruna varmışlar. Canlarının, mallarının, sahib olduqları hər şeyin Allah`a aid olduğunu bildikləri üçün bunlarda meydana gələn azalma və ya artım onların əxlaqına, düşüncə tərzinə və Allah`a olan sədaqətlərinə əsla təsir etməz. Quranda bu insanların gözəl əxlaqını təsvir edən bir çox ayə vardır:

Lakin (Allah`ın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır. Allah onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.  
(Tövbə surəsi 88-89)

Möminlər ancaq Allah`a və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Sadiq olanlar da məhz onlardır.  (Hucurat surəsi 15)

Ayələrdə diqqət çəkildiyi kimi, bu dünya müsəlmanlar üçün Allah yolunda Onun razılığını qazanmaq üçün cəhd edilən, xidmət edilən  məkandır. Bədiüzzaman Səid Nursi də dünya həyatının sadəcə xidmət yeri olduğunu, insanın çətinlik və gözəlliklərlə sınaqdan keçiriləcəyini,  müsibətlərə, çətinliklərə səbir etməyin mükafatının da çox böyük olacağını bu şəkildə bildirir:

Bu dünya həyatı imtahan meydanıdır və xidmət yurdudur; ləzzət və mükafat yeri deyil. Madam ki, xidmət yurdudur və qulluq məhəlidir, xəstəlik və müsibətlər dini olmamaq və  səbir etmək şərti ilə, o xidmət və qulluğa çox müvəffəqiyyət və qüvvət verər. Və hər bir saatı bir gün ibadət hökmünə girdiyi üçün şikayət etmək deyil, şükür etmək lazımdır. Bəli, ibadət iki qisimdir: birinci qisim müsbət, digəri isə mənfi. Müsbət qismi məlumdur. Mənfi qismi isə xəstəlik və müsibətlərdə zəifliyini və acizliyini hiss edib, Rəhman olan Rəbbinə yönəlib, Onu düşünüb, Ona yalvarıb xalis qulluq edər. Bu qulluğa riya girə bilməz, xalisdir. Əgər səbir etsə, müsibətin mükafatını düşünsə, şükür etsə,  hər bir saatı bir gün hökmünə keçər. Qısa ömrü uzun bir ömür olar. Hətta bir qisim var ki, bir dəqiqəsi bir gün ibadət hökmünə keçər.

Səid Nursinin bu hikmətli izahını ətraflı şəkildə düşünmək çox əhəmiyyətlidir. İnsan Allah`a qulluq etmək, Ona olan təslimiyyətini və bağlılığını hər hadisə qarşısında göstərməklə məsuldur. İnsanın qarşısına çıxan çətinliklərə səbir etməyi də bu bağlılığı göstərməyin yollarından biridir. İnsan dünyada hər cür çətinliklə qarşılaşa bilər, çünki bu Allah`ın Quranda bildirdiyi dəyişməyən qanundur. Bu çətinlik və sıxıntı anları insanın gözləmədiyi zamanlarda da ortaya çıxa bilər və çox uzun müddət davam edə bilər, yaxud  belə görünə bilər. Məsələn, insan varlı ikən kasıb ola bilər, müvəffəqiyyətli olduğu mövzuda ümid etmədiyi müvəffəqiyyətsizliklə qarşılaşa bilər, sevdiyi insanı itirə bilər, xəstələnə bilər, şikəst qala bilər… Amma bunların hamısı bu insan üçün sınaqdır və Allah belə sınaqlara səbir edən qullarını sonsuz gözəlliklə müjdələmişdir.

Buna görə də insan dünya həyatındakı -axirəti üçün çox qiymətli olan- hər gününü, hər saatını, hətta hər dəqiqəsini və saniyəsini çox yaxşı qiymətləndirməlidir. Etdiyi hər işdə, hər hərəkətdə “Allah`ı ən çox necə razı edərəm?” sualının cavabını axtarmalıdır. Vacib  olan odur ki, insan dünyaya bağlanıb axirəti unutmasın. İnsanın Allah`ın hüzuruna çıxdığı zaman sonsuz gözəlliklərə qovuşmağının yolu budur:

Hər bir kəs ölümü dadacaqdır. Lakin qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi 185-186)