Mübarizədən qaçanlar

Zəif imanlı, yaxud imanını tamamilə itirən şəxs bir müddət müsəlmanların yanında qala bilər və dinin qaydalarına uyğun tərzdə yaşaya bilər. Lakin Allah belə insanları tanıtdırmaq üçün bəzi imtahanlar yaradır. Çətinliklərlə, aclıqla, yoxsulluqla, xəstəliklə sınaqdan keçirilən möminlərin bu çətinliklər qarşısında imanları artır, ürəklərində xəstəlik olanlar isə  küfrə yaxınlaşırlar.

Son anın əhəmiyyəti burada bir daha bilinir. İnsan həyatının böyük hissəsini iman edərək keçirə bilər. Dinə böyük xidmətlər göstərib,  xeyirli işlər edə bilər. Ancaq vicdanına tabe olmaqdan imtina edərsə, zəiflik göstərərsə və buna görə qəlbi sərtləşərsə,  imtahan anlarında əzmli ola bilməz. Dünya sevgisini və can qorxusunu Allah`ın razılığından üstün tutarsa,  küfrə meyillənə bilər.

Ayələrdə peyğəmbərlərin  təcavüzkar cəmiyyətə qarşı günahsız insanları qorumaq və Allah`ın dinini mühafizə etmək üçün mübarizə apardığından bəhs edilir. Bu mübarizə  çox əhəmiyyətli ibadətdir. Peyğəmbərimizin (səv) dövründə də inkarçılara qarşı güclü mübarizə aparılmışdır. Allah`ın və peyğəmbərin əmri ilə reallaşan bu mübarizələrin hamısı dini məsuliyyətdir. Bu vəzifədən boyun qaçıranlar isə Quranda qəlbləri möhürlənmiş, yəni  imandan çıxmış kəslər olaraq bildirilir.

Günümüzdə isə müsəlmanlar inkarçılara qarşı  fikri sahədə mübarizə aparırlar. Bu fikri mübarizə inkarçıların bütün dayaq nöqtələrinin elmi olaraq ortadan qaldırılması, elmi olaraq əsassız edilməsi mənasını daşıyır. Bu mövzuda hər müsəlmana böyük məsuliyyət düşür. Heç kim bu fikri mübarizədə geri planda qalmamalıdır. Çünki Allah ayələrdə arxada qalmağı seçənlərin qəlblərinin möhürləndiyini  bildirmişdir:

“Allah`a iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!” (-deyə) bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax (evdə) oturanlarla birlikdə qalaq!” Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar  anlamayacaqlar.  (Tövbə surəsi 86-87)

Quranda  çətinliklə qarşılaşdıqda dərhal bəhanələr uyduraraq qaçmağa çalışanların öz nəfslərini necə həlaka uğratdıqları belə bildirilir:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” (-deyə) Allah`a and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.  (Tövbə surəsi 42)

Həm Peyğəmbərimizin (səv) dövründən, həm də digər peyğəmbərlərin dövründən verilən bu nümunələr bir həqiqəti açıq-aşkar bəlli edir: Allah insanları həyatlarının hər anında sınayır və doğru söyləyənlərlə yalançıların bir-birindən ayrılacağı mühitlər yaradır. Xüsusilə çətinlik və sıxıntı ilə qarşılaşdıqda müsəlmanlar əzmli olduqları halda, zəif olanlar dindən dönürlər.  Peyğəmbərimizin (səv) dövründə müsəlmanlarla inkarçılar arasında baş verən savaş anında yaşananlar buna nümunədir. Ayələrdə  çətinlik anında bəzi müsəlmanların zəiflik göstərdiyi və Allah haqqında cahiliyyə zənninə qapıldıqları bildirilir. Şeytan çətinlik anında bu müsəlmanları yoldan çıxmağa vadar etmişdir:

İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan məhz etdikləri bəzi əməllərlə  yoldan çıxmağa məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir! (Ali-İmran surəsi 155)

Allah bu hadisədə zəiflik göstərən müsəlmanları bağışladığını bildirmişdir.
Bu ayələrdə inananlar üçün böyük dərslər vardır. Çünki Allah yaxşılarla pislərin ayrılması üçün insanların mütləq imtahan ediləcəyini vəd etmişdir. Bu çətin anlara qarşı dözümlü olmağın tək yolu isə Allah`a güclü iman, ixlas və səmimiyyətdir. Əlbəttə ki, Allah saleh qullarına asanlıq yaradar,  onların ürəklərinə hər cür çətinlikdə dinclik və güvən duyğusu endirər. Amma bunu da unutmamaq lazımdır ki, Allah`ın insanları sınayacağına və yaxşılarla pisləri ayıracağına dair vədi mütləqdir:

Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allah`dan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.  (Tövbə surəsi 16)

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.  (Ənkəbut surəsi 2-3)